ABŞ “beynəlxalq polis” roluna qayıdır?| Region üçün geosiyasi sınaq dövrü başlayır

2025/06/1751101922.jpg
Oxunub: 943     16:22     28 İyun 2025    
Rusiya dövlət agentliyi “RİA Novosti”nin redaksiya məqaləsində İsrail və ABŞ-ın İrana qarşı on iki günlük müharibəsi “kollektiv Qərbin Rusiyanı strateji məğlubiyyətə uğratmaq planı” ilə müqayisə edilir və belə nəticəyə gəlinir ki, “bu planlar kökündən iflasa məhkumdur, çünki həm Rusiya, həm də İran minillik dövlət-sivilizasiya kimliyinə malikdir”.

“İrana qarşı qələbə bizə tamamilə yeni bir Yaxın Şərq yaratmaq imkanı verir və bizim bir gün belə itirmək hüququmuz yoxdur”, - iyunun 26-da gec saatlarda İsrailin Baş naziri Benyamin Netanyahu İsrail xalqına videomüraciətində bəyan edib. Eyni vaxtda Ağ Ev rəsmisi təsdiqləyib ki, Prezident Donald Tramp İsrail Baş nazirini “ən yaxın günlərdə” Ağ Evdə qəbul etməyə hazırlaşır.

İsrailin “Yenet” portalının məlumatına görə, İsrail artıq HƏMAS-la danışıqlar üçün nə Dohaya, nə də Qahirəyə nümayəndə heyəti göndərəcək – “bütün məsələlər çox yüksək səviyyədə həll olunacaq”. Görünür, Qəzza ilə bağlı razılaşmanın Tramp-Netanyahu görüşündə əldə ediləcəyi nəzərdə tutulur.

İsrailli analitiklərin istinad etdiyi ərəb mənbələri yazır ki, Qəzza ilə bağlı razılaşma planı aşağıdakıları nəzərdə tutur: hərbi əməliyyatların tam dayandırılması, girovların qaytarılması, HƏMAS rəhbərlərinin ölkədən çıxarılması və fələstinli anklavda “ərəb xarici idarəçiliyinin təsis edilməsi”. Bəzi məlumatlara görə bu funksiyanı Misir yerinə yetirəcək, digər mənbələrə görə isə Səudiyyə Ərəbistanı və daha iki ərəb dövləti də iştirak edəcək.

İsrail mənbələri ən həssas məsələ olan Fələstin dövlətinin tanınması ilə bağlı Netanyahunun “əməkdaşlığa məcbur” olduğunu bildirirlər. Onun tələbi budur ki, “Fələstin Muxtariyyəti hökuməti islahatlar aparsın”, qarşılığında isə ABŞ “Yəhuda və Samariyada İsrailin məhdud suverenliyini tanısın”.

Bu planın nə dərəcədə real olduğu hələlik məlum deyil. Lakin bir məsələ aydındır: İran Prezidenti Məsud Pezeşkian müharibədən sonra xalqını təkcə özünütəşkilə deyil, eyni zamanda daxili islahatlara da səsləyib. “The New York Times”ın məlumatına görə isə, İranın ali dini liderinin səhhəti kritik vəziyyətdədir.

İsrail-Fələstin münasibətlərində nə baş verməsindən asılı olmayaraq, Yaxın Şərq artıq İranla ABŞ-İsrail müharibəsindən sonra dəyişməkdədir. İranın təsir zonası olan “şiə hilalı” ciddi itkilər verib. Bu reallıq, şübhəsiz ki, Qafqazda da ciddi şəkildə qiymətləndirilməlidir. Rusiya regiondakı İran təsirini “diriltməyə” hazırdımı? Belə bir geosiyasi planı varmı? Yoxsa Yaxın Şərqi ABŞ-yə “təslim edərək” Ukraynada ərazi qazanclarını “leqallaşdırmağa” çalışır?

Asif Cəfərov
Ordu.az

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır


Teqlər: ABŞ   Region   Rusiya  


Bizi "telegram"da izləyin